Xocalı saytında Şəhid ailələrinin problemlərinin həllinə yardım

“Qadın Konsensus Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyilə “Şəhid ailələrinin sosial problemlərinin həllinə dair təşəbbüslər” layihəsini həyata keçirir.

Layihədə məqsəd şəhid ailələrinə verilən birdəfəlik ödəmələri təbliğ etmək, şəhid ailələrinin sosial məsələlərini ictimailəşdirmək və şəhidlərimizin qəhrəmanlıqlarını sosial mediada işıqlandırmaqdır.

Bildiyimiz kimi, Azərbaycan dövləti Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirib. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilib və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyev həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 19 aprel 2018-ci ildə fərman verib. Fərmanda 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində birdəfəlik ödəmə almaq hüququ olan ailələrə hüquqi yardımlar göstəriləcək, onların problemləri internet informasiya resurslarında işıqlandırılacaq və ictimai müzakirəyə çıxarılacaq.

Layihə çərçivəsində şəhid ailələrinə hüquqi yardım göstəriləcək, bukletlər çap olunacaq, şəhid ailələri üçün internet informasiya resursunda xüsusi bölmə yaradılacaq, şəhid ailələrindən reportajlar hazırlanacaq, ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, hərbi eksperlərin, hüquqşünasların, media və QHT təmsilçilərinin, o cümlədən şəhid ailələrinin üzvlərinin iştirakı ilə ictimai müzakirə keçiriləcək.